Vəkil: "Hacıbala Abutalıbov əsasnaməni pozaraq qeyri-qanuni sərəncam verib"

Vəkil: "Hacıbala Abutalıbov əsasnaməni pozaraq qeyri-qanuni sərəncam verib" Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Hadisə
238
20 Dekabr , 2021 15:06
Vəkil: Hacıbala Abutalıbov əsasnaməni pozaraq qeyri-qanuni sərəncam verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Rəsul Yusifbəyli müdafiə çıxışı edib.

O, cinayət işində adı çəkilən digər şəxslərin məsuliyyətə cəlb edilmədiyini deyib: "İşdəki əsas şahid ittihama aid heç bir ifadə vermədi. O, Rasim Quliyevin barəsində irəli sürülən ittihamı nə təsdiq, nə də təkzib etdi".

Daha sonra R.Quliyevin digər vəkili Ədalət Mövlayev replika hüququndan istifadə edərək vəsatət qaldırıb.

O vəsatətində bildirib ki, BŞİH-nin keçmiş başçısı Hacıbala Abutalıbov 2017-ci ilin oktyabrında əsasnaməni pozaraq R.Quliyevi icra başçısının müavini səlahiyyətlərini müvəqqəti icra etməsinə dair qeyri-qanuni sərəncam verib: "Bu da ziddir ki, yerli icra hakimiyyətinin başçılarının müavinlərini yalnız Prezident təyin edir. İstintaq orqanı isə qeyri-qanuni olaraq, Hacıbala Abutalıbovun sərəncamını sübut kimi qiymətləndirib. Bu sərəncam sübut növü kimi sayıla bilməz. Xahiş edirik ki, bu, sübutlar siyahısından çıxarılsın".

Daha sonra təqsirləndirilən şəxsə son söz verilib. Lakin o, son sözə hazır olmadığını deyərək məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 23-nə təyin edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb.

Son xəbərlər

Orphus sistemi