Yuxarı

Vəkil Apellyasiya Şurasının sədrinə müraciət edib

Vəkil sorğularına cavab verməyən dövlət orqanlarından birincisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir

Bakı. 20 aprel. REPORT.AZ/ Vəkil Ceyhun Yusifov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) qanunlara riayət etməməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyevə müraciət edib.

Bu barədə "Report"a vəkil Ceyhun Yusifov məlumat verib.

O, müraciətində bildirib ki, vəkillərin fəaliyyətinin effektivliyi və operativliyi verilmiş vəkil sorğularına qısa zamanda və müvafiq cavab verilməsindən çox asılıdır: "Çünki vəkillər fəaliyyətləri ilə əlaqədar müəyyən sənədlər və məlumatlar əldə etməli və həmin sənəd və məlumatları müvafiq dövlət orqanlarına və ya məhkəmələrə sübut qismində təqdim etməlidir. Göründüyü kimi, vəkil sorğularına qısa zamanda və müvafiq cavabın verilməsi ilə vəkillərin fəaliyyəti güclənir və öz səmərəsini verir. Vəkillik fəaliyyətinin inkişaf etməsi isə hüquqi dövlət yaradıcılığını sürətləndirməklə insan hüquq və azadlıqlarının təminatını da artırır. Lakin bu sahədə də bəzi dövlət qurumlarında bürokratik əngəllər hələ də mövcuddur.

Belə ki, verilmiş vəkil sorğularına ya ümumiyyətlə cavab verilmir, ya natamam cavab verilir və ya olduqca gec cavab verilir. Bu isə arzuolunmaz olmaqla bərabər qanunvericiliyə də ziddir. Vəkil sorğularına cavab verməyən dövlət orqanlarından birincisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir".

Vəkil xatırladıb ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. Eyni qanunun 15-ci maddəsinə əsasən vəkilin peşə fəaliyyətini yerinə yetirməklə əlaqədar olaraq müstəqil araşdırma aparmaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayış və sənədləri tələb etmək hüququ var. Bu səbəbdən də mən Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasının sədri Eldar Nuriyevə müraciət edərək mən də daxil olmaqla bütün vəkillərin effektiv fəaliyyətinin buxovuna çevrilmiş bu halın qarşısının alınmasını xahiş etmişəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi