Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb - YENİLƏNİB - 4

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb - YENİLƏNİB - 4 Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.
Hadisə
6 Noyabr , 2023 11:43
Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb - YENİLƏNİB - 4

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

"Report" xəbər verir ki, bu barədə qərar Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Prosesdə dövlət ittihamçıları - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyev çıxış üçün vaxt istəyib.

Məhkəmə noyabrın 7-nə təyin edilib.

10:56

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəməsində zərərçəkmişlərin ifadəsi bitib.

"Report" xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə prosesində sənədlərin tədqiqinə başlanılıb.

10:47

"Biz Xaçatryanı Qarabağda milli irqi ayrı-seçkilik və münaqişə yaratdığına görə həbs etmişdik".

"Report" xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəmə prosesində o zaman Şuşanın Post-patrul xidmətinin Qərargah rəisi Azay Kərimov deyib.

O, Xaçatryanı yaxşı tanıdığını bildirib.

"SSRİ qoşunlarından baş leytenant kimi Azərbaycana gəlmişdim. Şuşanın Post-patrul xidmətinin qərargah rəisi vəzifəsində çalışmışam. O zaman bir nömrəli terrorçu qrupların rəhbərləri Samvel Babayan, Armais, Köçəryan, Balasanyan və Serj Sarkisyan idi. Adlarını çəkdiyim şəxslərin dəstələri Qarabağın müxtəlif rayonlarına, kəndlərinə, şəhərlərinə daxil olub münaqişə yaradaraq anti-Azərbaycan təbliğatı aparırdılar. Əmrə tabe olmayanları döyüb, qadınlara zor tətbiq edirdilər. Vaqif bu şəxslərdən idi və o, daha çox Vladik ləqəbi ilə tanınırdı. Onu həbs edib Şuşa türməsinə apardıq. Vaqif Şuşa türməsində olanda bizə deyildi ki, dişi ilə damarını kəsib. Biz onu xəstəxanaya apardıq. Orada hətta dişləri ilə tikişləri söküb özünə yenidən xəsarət yetirmək istəyirdi. Vaqif 2 aydan sonra oradan qaçdı. Bax, Meşəli soyqırımı da bundan sonra başladı. Meşəli hadisələri olanda mən Malibəylidə idim. Meşəlidən 2 gün sonra gəldim. Ermənilər qarətlə məşğul idilər. Hətta heyvanları da yandırıb güllələmişdilər. Dağlıq Qarabağda yaşayan ermənilərin 95 faizi keçmiş daxili İşlər naziri Ramil Usubova "işləyirdi". Ona görə də biz onların təxribatından tez xəbərdar olub qarşısını alırdıq. Ermənilərin anti-Azərbaycan təbliğatına görə 337 ermənini həbs etdik", - A.Kərimov qeyd edib

10:17

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçirilir.

"Report" xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Məhkəmə prosesində şahidlər ifadə verirlər.

08:00

Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.

"Report" xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, V.Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs V.Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.

Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Hazırda V.Xaçatryanın hüquqlarını vəkil Radmila Abılova qoruyur.

Son xəbərlər

Orphus sistemi