Yuxarı

Vaqif Əsədov: “Komandirin videosunu bəzi şirkət əməkdaşları məqsədli şəkildə hazırlayaraq yayıb”

“Orada polis əməkdaşı hamilə qadına qarşı kobudluq etməyib və heç kəsə sillə vurmayıb”

Bakı. 26 avqust. REPORT.AZ/ "Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) yol-patrul xidməti (YPX) alayının komandiri Rəşadət Babayevin guya kimisə döyməsi ilə bağlı yayılan məlumatlar qəsdən şou yaratmaq və DYPİ-nin işinə kölgə salmaq məqsədi daşıyır".

Bunu "Report"a açıqlamasında DYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov R.Babayevin guya hamilə qadını söyməsi və onun ərinə sillə vurması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

"Şəhərin Tbilisi prospektinin sözügedən ərazisində dayanmanı və durmanı qadağan edən nişan quraşdırılıb. Bu nişanların əhatə etdiyi zonada qanuni xidmət aparan YPX əməkdaşlarının fəaliyyətinə bilərəkdən xələl gətirmək və ictimaiyyət arasında mənfi imic yaratmaq məqsədi ilə bu informasiya yayılıb. Videogörüntüdən aydın olur ki, orada polis əməkdaşı heç bir hamilə qadına qarşı kobudluq etməyib və heç kəsə sillə vurmayıb. Videoda əvvəlcədən bir neçə şəxsin həmin ərazini mobil telefon ilə video-qeydiyyata alması hadisənin əvvəlcədən planlaşdırılmasından xəbər verir. Əgər YPX əməkdaşı hamilə qadına qarşı kobudluq edibsə və onun ərinə sillə vurubsa, onlar niyə şikayət etməyiblər?! Bu, həmin ərazidə fəaliyyət göstərən bəzi şirkətlərin əməkdaşları tərəfindən ona görə hazırlanıb ki, həmin ərazidə dayanmanı və durmanı qadağan edən nişan ləğv edilsin və onlar öz avtomobillərini çalışdıqları şirkətin qabağında saxlasınlar. Bu isə mümkün deyil. Çünki həmin ərazi Bakının şimal girişidir. YPX əməkdaşları da həmin ərazidə xidmət apararaq süni tıxacların yaranmaması üçün qanunsuz parklanmalara qarşı mübarizə aparırlar. Həmin sürücü avtomobilini yolun hərəkət hissəsində qanunsuz olaraq park edib və polis əməkdaşının qanuni tələblərinə əməl etməyib".

V.Əsədov vurğulayıb ki, həmin video-görüntü qeyri-peşəkar jurnalistlər tərəfindən araşdırılmadan, qərəzli olaraq yayımlanıb: "Video-görüntülərdə qeyd olunan görüntü yoxdur, jurnalistin belə bir xəbər yazmaqda məqsədi nədir?! Əgər iş məhkəmə səviyyəsinə qaldırılsa, həmin jurnalist nə cavab verəcək?!"



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi