Bakı. 11 noyabr.
"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Pərzad Abıyeva ifadə verib.
O bildirib ki, təqsirləndirilən V.Əsədovaya 3 min 200 manat pul verib: "Validə həmin pulları oğlumu digər universitetə köçürmək üçün aldı".
V.Əsədova isə P.Abıyevanın ona qızıl satdığını deyib: "Həmin qızıllar isə saxta idi. Onlar mənim üzərimə "Masallı Dadaş" adlı şəxsin bacısı uşaqlarını göndərdilər. Uşaqlar məni məktəbdən çıxardılar. Mənə dedilər ki, bizi Əyyubgil göndərib. Həmin şəxslər tapança ilə məni qorxudub, qızılların pulunu tələb etdilər. Daha sonra mən də bu barədə həyat yoldaşıma məlumat verdim".
Zərərçəkmiş V.Əsədovanın qızıllar barədə dediklərindən xəbərsiz olduğunu söyləyib: "Onun danışdığı qızıl söhbəti yalandır".
Hakim təqsirləndirilən şəxsə əvvəl irad tutub, sonra ona xəbərdarlıq edib: "Sizə sonuncu xəbərdarlıq edirəm. Söz verilməyincə danışmayın. Bir daha belə etsəniz, sizi məhkəmə zalından çıxartdıracam".
Məhkəmənin növbəti iclası noyabrın 24-nə təyin edilib.
Qeyd edək ki, Bakının Binəqədi rayon sakini Əbilova Validə Əsəd qızı özgənin əmlakını ələ keçirmək məqsədi ilə Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsi 9 ünvanında yerləşən “Caspian Shop” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının satışı ilə məşğul olan İsmayılov Məharət İzzətəli oglu, Hüseynova Leyla Hüseyn qızı, Bağırova Samirə Səxavət qızı, Əbilov Əbil Cəmil oğlu, İbişov İlham Qiyas oğluna qarşı dələduzluq etməkdə təqsirləndirilir.
O, 26 sentyabr 2014-cü il tarixində həmin şəxslərin etibarından sui-istifadə etməklə küllü miqdarda qızıl-zinət əşyalarını ələ keçirib. Bir müddət sonra şikayətçilər Nərimanov Rayon Polis İdarəsinə V.Əbilova barəsində şikayət ediblər. V.Əbilov zərərçəkmişlərdən gizlənmək və istintaqdan yayınmaq üçün soyadını dəyişib və Əsədova soyadını götürüb. Buna baxmayaraq, rayon hüquq-mühafizə orqanları onu saxlayaraq, istintaqa cəlb ediblər.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, V.Əsədova 276 saylı məktəb-liseydə müəllimə işləyib.