Ukraynanın Ternopil vilayətində pandemiya ilə əlaqədar təkrar karantin qaydalarını pozan azərbaycanlılar saxlanılıblar.
"Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşları 60 yaşlı Viləşov Ağa, onun oğlu 35 yaşlı Viləşov Namiq və qohumları 30 yaşlı Əliyev Vaqif qadağan olunmuş vaxtda ixtiyarlarında olan kafedə məclis təşkil etdikləri üçün saxlanılıblar.
Pandemiya dövründə artıq dördüncü dəfə karantin qaydalarını pozan, hər dəfə də xəbərdarlıq alan və cərimə olunan A. Viləşov və digər adı çəkilənlər barəsində bu dəfə məhkəmə deport qərarı çıxarıb. Onlar buna qədər pandemiyanın ilk günlərindən müxtəlif şəraitdə karantin qaydalarını pozublar.
Qeyd edək ki, hazırda Ukraynada həftəsonu karantin rejimi tətbiq olunsa da, bunun özünü doğrultmadığı da bildirilib. Ölkədə karantin rejiminin daha da sərtləşdirilməsi, dekabrda bayram günlərində də bunun tətbiq olunacağı gözlənilir. Ukraynada indiyədək 900 666 nəfərdə COVID-19 aşkarlanıb. Onlardan 506 718 nəfər sağalsa da, 15 247 nəfər ölüb. Hazırda ölkədə 378 701 aktiv koronavirus xəstəsi var.