Tovuz. 22 fevral. REPORT.AZ/ Fevralın 21-də Tovuz rayonunun Qovlar şəhəri ərazisində 1 ədəd mərmi tapılıb.
“Report”un Qərb bürosu xəbər verir ki, məlumata əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və
Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunmuş siqnalın 2,5 m dərinlikdə olduğu nəzərə alınaraq, 2019-cu il 21-22 fevral tarixlərində ərazidə qazıntı işləri aparılıb, nəticədə 1 ədəd 122 mm-lik 9M22S (Qrad) raketinin partlamış qalıqları aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketin ətrafında 12 kv.m ərazi 2.5 m dərinliyində yoxlanılmış, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.







