Tovuzda məktəbdəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb - YENİLƏNİB-5

Tovuzda məktəbdəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb - YENİLƏNİB-5 Tovuz rayon Aşağı Quşçu kənd orta məktəbində 15-dən çox şagird zəhərlənib.
Hadisə
19 Dekabr , 2024 16:26
Tovuzda məktəbdəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb - YENİLƏNİB-5

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbindəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb.

"Report"un Qərb bürosunun məlumatına görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən 71 nəfərdən 6-sı müəllim və laborant, digərləri isə məktəblilərdir.

Zərərçəkənlərdən 6-nəfərinin vəziyyəti kafi və orta-ağır qiymətləndirilib. Digərlərinin vəziyyəti isə kafi və normal olub.

Tovuz Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda xəstəxanada 2 nəfərin müalicəsi davam etdirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

15:23

Tovuzda şagirdlərin tüstüdən zəhərlənməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

"Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata əsasən, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır.

14:36

Tovuzda məktəbdəki tüstülənməyə görə 60 nəfər xəstəxanaya çatdırılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Son məlumata görə, 60 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir, vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb.

13:47

Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə 55 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir.

11:57

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobadakı tıxanma səbəbindən yaranan tüstülənmədə 20 nəfərə yaxın şagird özünü pis hiss edib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində tüstülənmənin genişlənməsinin qarşısı alınıb:

"Şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər. Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20 nəfərə yaxın şagird özünü pis hiss edib və təcili tibbi yardıma müraciət olunub. Onların səhhəti diqqət mərkəzində saxlanılır".

İdarədən bildirilib ki, hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

"Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür", - deyə vurğulanıb.

11:39

Tovuz rayonu Aşağı Quşçu kənd orta məktəbində 15-dən çox şagird zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, zərərçəkənlər Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, şagirdlər sobanın tüstüsündən zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi