Tovuzda kütləvi zəhərlənənlərin vəziyyəti açıqlanıb.
"Report" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 21 nəfər olmaqla zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb.
Tovuzda kütləvi zəhərlənmə olub.
"Report" xəbər verir ki, kütləvi zəhərlənmənin rayonun Qovlar şəhərində yerləşən dönərxanada qeydə alındığı bildirilir.
Belə ki, dönərxanada toyuq dönəri yeyən 18 nəfərin vəziyyəti pisləşib və zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət ediblər.
Baş Prokurorluğun mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ötən gün 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə "Report"a bildirilib ki, Agentliyinin mütəxəssisləri hadisənin baş verdiyi ehtimal olunan Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən “Köz dönər” ictimai iaşə müəssisəsinə baxış keçirib, müayinələrin aparılması məqsədi ilə nümunələr götürüb. Sözügedən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
"Report"un bölgə müxbiri xəbər verir ki, zəhərlənən şəxslərin Qovlar şəhər sakinləri - 2001-ci il təvəllüdlü Lamiyə Elşad qızı Məmmədova, 1995-ci il təvəllüdlü Maarif Arif oğlu Məmmədov, 1984-cü il təvəllüdlü Coşqun Ağaverdi oğlu Nəsibov, 2022-ci il təvəllüdlü Tunar Ağaverdi oğlu Əhmədov, 2021-ci il təvəllüdlü Milay Elvin qızı Quliyeva, 1995-ci il təvəllüdlü Nərmin Nizami qızı Quliyeva, İbrahimhacılı kənd sakinləri - 1980-ci il təvəllüdlü Aqil Dilqəm oğlu Alıyev, 2015-ci il təvəllüdlü Eldar Vüsal oğlu Hüseynov, 2012-ci il təvəllüdlü Xəyal Eldar oğlu Hüseynov, 1966-cı il təvəllüdlü Gülnarə Həsən qızı Səfərova, 1986-cı il təvəllüdlü Aqil Cəmaləddin oğlu Səfərov, Köhnəqala kənd sakinləri - 2011-ci il təvəllüdlü Rahib İlqar oğlu Ələsgərli, 2013-cü il təvəllüdlü Fərid Tahir oğlu Mirzəyev, 2011-ci il təvəllüdlü Emil Tahir oğlu Mirzəyev, Alakol kənd sakini 1986-cı il təvəllüdlü Turanə Yolçu qızı Mirzəyeva, Əyyublu kənd sakini 1985-ci il təvəllüdlü Nail Mehdi oğlu Qasımov, Gəncə şəhər sakinləri - 2007-ci il təvəllüdlü Xəyalə Ağasəf qızı Sadıqova, 2002-ci il təvəllüdlü Nərminə Arif qızı Məmmədov olduğu bildirilir.