Texniki Universitetin tələbəsi yol qəzasında ölüb - YENİLƏNİB-2

Texniki Universitetin tələbəsi yol qəzasında ölüb - YENİLƏNİB-2 Faktla bağlı araşdırma aparılır
Hadisə
9 Fevral , 2018 15:17
Texniki Universitetin tələbəsi yol qəzasında ölüb - YENİLƏNİB-2
Report

Bakı. 9 fevral. REPORT.AZ/ Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən Rüstəmov Sahil Sədaqət oğlu Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alırmış.

"Report"un xəbərinə görə, S.Rüstəmov AzTU-nun birinci kurs tələbəsi olub.

AzTU-nun Mətbuat xidməti "Report"a faktı təsdiqləyib: "Rüstəmov Sahil Sədaqət oğlu Universitetin "Radiotexnika və rabitə" fakültəsinin 317 a4 qrupunda, "Elektronika, telekommunikasiya və radiotexnika" mühəndisliyi ixtisası üzrə təhsil alırdı. İmtahan sessiyası bitdiyi və tətil olduğu üçün Rüstəmov Sahil doğulduğu rayona gedib və çox təəssüf ki, orada bədbəxt hadisə ilə üzləşib. Universitet rəhbərliyi, həmçinin Sahilin təhsil aldığı fakültə rəhbərliyi onun vəfatından kəndərlənir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".


*** 14:15

Astara. 9 fevral. REPORT.AZ/ Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs tələbə olub.

"Report"un yerli bürosunun məlumatına görə, "Mitsubishi-Pajero" markalı avtomobil hərəkətdə olarkən qarşısına uşaq çıxıb. Sürücü avtomobili yolun kənarındakı maneəyə çırpıb. Hadisə nəticəsində xəsarət alan iki nəfər, Astara rayonunun Şahağacı kənd sakinləri 2000-ci il təvəllüdlü Rüstəmov Sahil Sədaqət oğlu və 2000-ci il təvəllüdlü Cabbarov Ağamoğlan Fikrət oğlu xəstəxanaya yerləşdirilib.

Həkimlər S.Rüstəmovun həyatını xilas edə bilməyib, o, xəstəxanada ölüb. 


***13:57

Astara. 9 fevral. REPORT.AZ/ Astara rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Şahağacı kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi