Yuxarı

​Terrorçuluq barədə yalan məlumat verən təşkilat sədrinin şikayəti əsasında məhkəmə başlayıb

Məhkəmənin baxış iclası iyunun 16-na təyin edilib

Bakı. 3 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Aydın Xudiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 16-na təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, 1960-cı il təvəllüdlü A.Xudiyev 2015-ci il iyunun 12-də, I Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin "112 - qaynar xətt" xidmətinə zəng edərək stadiona bomba qoyulduğunu bildirib. O, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. A.Xudiyevin evindən "Sony" markalı diktofon və "Panasonic" markalı kaset aşkarlanaraq götürülüb.

O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.

Bu il aprelin 18-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Xudiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A.Xudiyev apellyasiya şikayəti verib. O, şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Xatırladaq ki, A.Xudiyev "Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə" İctimai Birliyinin rəhbəri olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi