Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvləri - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə iclası keçirilir.
"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M.Minosyan ifadə verib.
O bildirib ki, noyabr ayında Gümrüdə yerləşən hərbi komissarlıqdan çağırışçı kimi orduya çağırılıb:
“Orada silahlandırıldıq və gecə Laçına gəldik. Rusiya sülhməramlılarının yanından keçdik. Onlar bizi yoxlamadan buraxdılar. Sonra dağa qalxdıq. Komandirimiz Arsen Kazaryan idi. Bizi dəstələrə böldülər, qida ilə təmin edildik. Dekabrın 13-də tapşırıq gəldi ki, dağdan düşək. Aşağı düşən zaman Azərbaycan Silahlı Qüvvələri bizi saxladı, silah-sursatımızı onlara təhvil verərək təslim olduq”.
O, prokurorun suallarını cavablandırarkən deyib ki, 2016-2018-ci illərdə Azərbaycanın Xocalı rayonu ərazisində hərbi xidmətdə olub: “Həmin ərazilərin Azərbaycana aid olduğundan xəbərim var idi. Lakin hərbi qulluqçu olduğum üçün verilən əmrləri sorğulamırdıq. Ümumi komandirim Kazaryan olub, lakin dəstələrə bölünəndən sonra bizə Avakyan Qraç Arzumanoviç rəhbərlik edirdi".
Daha sonra M.Minosyanın istintqada verdiyi ifadəsi elan olunub. O bildirib ki, müşahidə apardıqları yerə Azərbaycan Ordusunun əsgərləri gələn zaman onlara silahlı müqavimət göstərmək tapşırığı alıblarmış.
Məhkəmədə Y.Karapetyan, R.Sedrakyan, E.Matesyan da dindirilib. Onlar Gümrüdə yerləşən hərbi komissarlıqdan silah-sursatla Azərbaycan ərazisinə daxil olduqlarını, Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıqlarını deyiblər.
Prosesdə fasilə elan olunub.