Yuxarı

Polisi qətlə yetirib yandıran şəxs: "Meyiti Türkan qəsəbəsinə aparıb sandıqla birgə yandırdım"

Sandığın qıfılını isə evə gələndə yolda atdım

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən Ravil Nuruş oğlu İbayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və şahidlər ifadə verib.

Müttəhimlər kürsüsündə oturan R.İbayev ifadəsində Kazımzadə Muxtar Qadir oğlunu Bakıda necə qətlə yetirməsindən və yandırmasından danışıb: "Muxtarı öldürdükdən sonra avtomobil yuyulması məntəqəsində yuyucu işləyən Rəşad İsmayılzadədən mənə sandıq tapmasını istədim. Onunla birgə sandığı evə apardıq. Daha sonra dostum Elgün Məmişova zəng vurdum ki, "Ford" markalı yük avtomobilini gətirsin. Ona dayımın əşyalarını Mərdəkana aparacağımı bildirdim. Sandığı Elgün, mən və Elgünün bibisioğlu ilə birgə maşına mindirdik. Mən öz "Hyundai" markalı avtomobilimi Elgünə verdim. Mərhumu Türkan qəsəbəsinə aparıb sandıqla birgə yandırdım. Sandığın qıfılını isə evə gələndə yolda atdım".

Məhkəmənin növbəti iclası sentyabrın sonuna təyin edilib. 

Qeyd edək ki, bu il aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyiti aşkarlanıb. Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılan intensiv araşdırmalar nəticəsində meyitin İmişli Rayon Polis Şöbəsinin polis nəfəri Kazımzadə Muxtar Qadir oğlu olması müəyyən olunub.

Araşdırmalar zamanı o da müəyyən edilib ki, M.Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli Rayon Polis Şöbəsində sürücü işləyən İbayev Ravil Nuruş oğlu tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədilə M.Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb.

R.İbayev aprelin 18-də şübhəli şəxs qismində tutularaq dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi