Yuxarı

​“Təmiz Şəhər” ASC 20 Yanvar şəhidlərini anıb

Zakir İbrahimov: 1990-cı ilin yanvarında baş verən hadisələr Azərbaycan tarixində dönüş nöqtəsinə çevrilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində (ASC) “20 Yanvar” faciəsi ilə bağlı tədbir keçirilib.

Bu barədə "Report"a Cəmiyyətin mətbuat xidmətindən məlumat verilib.

Xüsusi qonaqların, rəhbərliyin, şöbə müdirlərinin iştirakı ilə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda baş tutan tədbirdə 1990-cı ildə baş vermiş qanlı hadisənin şəhidləri anılıb, onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxış edərək, 25 illik yaranın unudulmadığını, hər zaman xalqımız tərəfindən fəxrlə xatırlanacağını vurğulayıb. O deyib ki, 1990-cı ilin yanvarında baş verən hadisələr Azərbaycan tarixində dönüş nöqtəsinə çevrilib və xalqın öz azadlığı, müstəqilliyi, toxunulmazlığı uğrunda apardığı mübarizənin simvolu halına gəlib.

ASC sədri bu qanlı hadisəyə ilk dəfə ümummilli lider Heydər Əliyevin öz münasibətini bildirdiyini də xatırladıb. O diqqətə çatdırıb ki, ümummilli lider 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək, bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.

Z.İbrahimov bildirib ki, Prezident İlham Əliyevin hər il olduğu kimi, bu il də imzaladığı 20 Yanvar faciəsinin ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında sərəncamı bu qürurlu tarixin unudulmamasına, gənc nəsillərə öyrədilməsinə müstəsna təsir edir.

Tədbirdə iştirak edən 20 Yanvar Cəmiyyətinin nümayəndəsi Gülağa Şərifzadə “Təmiz Şəhər” ASC-in bu cür tədbir keçirməsini yüksək qiymətləndirib. O, yanvarın 20-də baş vermiş hadisələrlə bağlı iştirakçılara ətraflı məlumat verərək, 137 şəhid və 744 yaralının hər birinin Azərbaycan tarixinin müasir qəhrəmanları olduqlarını diqqətə çatdırıb.

“Təmiz Şəhər” əməkdaşları da söz alaraq faciə barədə gördükləri və bildikləri məlumatları bölüşüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi