Bakı. 2 mart. REPORT.AZ/ Bakıda 23 yaşlı gənci qətlə yetirən şəxsin cinayət işinin istintaqı başa çatıb.
“Report”un məlumatına görə, Nəsirov Elşən Nəzir oğlunun törətdiyi cinayət hadisəsi üzrə Nizami Rayon Prokurorluğunda aparılmış istintaq yekunlaşdırılaraq, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, hadisə 2015-ci ilin noyabr ayında Nizami rayonu, Qara Qarayev, 55 ünvanında baş verib. Lerik rayon sakini, 23 yaşlı Nəsirov Elşən Nəzir oğlu əmisi oğlu Nəsirov Elnur Balaşirin oğlunun başını kəsərək qətlə yetirib. Hadisədən sonra E.Nəsirov Nəsimi Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü təslim olub.
Araşdırma zamanı məlum olub ki, E.Nəsirov hadisəni namus üstündə törədib. Belə ki, Elnur Nəsirovun öz əmisi qızı ilə ailə həyatı quracağı gözlənilsə də, o, təhsil aldığı universitetdə birlikdə oxuduğu bir qızla evlənib. Onun bu hərəkəti əmisi oğlu Elşən Nəsirov tərəfindən etirazla qarşılanıb. Nəticədə Elnur Nəsirov əmisi oğlunu öldürərək qisas alıb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, öldürülən gənc Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun oğludur. Balaşirin Nəsirovun qardaşı, yəni qətl törətməkdə şübhəli bilinən şəxsin atası Nəzir Nəsirov Bakıda bizneslə məşğul olur.