Yuxarı

Tanınmış idmançının evindən 67 min manatlıq oğurluq edən qadının anası məhkəmədən vaxt istəyib

Tanınmış idmançının evindən 67 min manatlıq oğurluq edən qadının anası məhkəmədən vaxt istəyib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.İsrafilovun vəkili müdafiə çıxışı edib.

O, müvəkkilinə yüngül cəza verilməsini istəyib.

Daha sonra N.Fərəcovanın vəkili Gülşən Salmanova müdafiə çıxışı üçün məhkəmədən vaxt tələb edib.

Hakim deyib ki, zərərin bir qismi ödənilməyib.

Təqsirləndirilən N.Fərəcovanın anası Rəna Fərəcova da məhkəmədən vaxt istəyib.

Məhkəmə zərərçəkmişə zərərin ödənilməsi üçün ona vaxt verib.

Proses sentyabrın 26-dək təxirə salınıb.

Xatırladaq ki, prokuror çıxışında N.İsrafilovun 8 il 6 ay və N.Fərəcovanın 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı N.Fərəcovanın məhkəmə zalından həbs edilməsini tələb edib.Qeyd edək ki, ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Hadisədən bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib. Onları Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.

Oğurluq edən N.İsrafilov F.Əzizovanın rəfiqəsinin bacısının sevgilisidir.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.

İbtidai istintaq dövründə N.Fərəcova barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

N.İsrafilov daha əvvəl məhkumluq həyatı yaşayıb.

Xatırladaq ki, F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Bakı şəhərində Avropa çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi