Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərin valideynləri məhkəmədə dindirilib

Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərin valideynləri məhkəmədə dindirilib Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror təşkilatının bir qolu olan Nüsra Cəbhəsi tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Feyruz Əliverdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
19 Sentyabr , 2018 12:52
Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərin valideynləri məhkəmədə dindirilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror təşkilatının bir qolu olan "Nüsra Cəbhəsi" tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Feyruz Əliverdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən T.Əliverdiyevin anası Simnarə Əliverdiyeva şahid qismində dindirilib.

O bildirib ki, oğlu ona Türkiyəyə Qızıl Aypara Cəmiyyətində işləməyə getdiyini söyləyib: "Bizə heç nə demədi. Bir həftə sonra zəng gəldi ki, məni axtarmayın, Türkiyədəyəm, qayıdacağam. 18 gün orda qaldı, sonra da qayıtdı. Bizə Suriyadan Türkiyəyə gələn qaçqınlara kömək etdiyini bildirdi".

Daha sonra T.Əliverdiyevin atası Dadaş Əliverdiyev də ifadə verib. O deyib ki, oğlu maşın sürə bilmədiyi üçün ona verməyib: "Teyfur buna görə məndən incidi. Sonra Türkiyəyə işləməyə getdi. Qayıdandan sonra da heç vaxt Suriya adını çəkmədi. Amma sağlam gedib, yaralı gəlmişdi. Orda məşq edən yerdə turnikdən yıxılıb, ayağı əzilmişdi. Oğlum ora getməmişdən əvvəl ibadətlə məşğul olduğu üçün onu danlamışdım. O, içib-çəkməyəcəyini və pul qazanacağını söylədi".

Təqsirləndirilən A.Baxışovun anası İradə Baxışova ifadəsində deyib ki, 2012-ci ilin axırında oğlu işləmək üçün Türkiyəyə gedib.

Qadının sözlərinə görə, oğlu ilə "Skype"da danışan zaman A.Baxışov ona Suriya ilə sərhəddə qaçqınlara kömək etdiyini bildirib: "Bir ay orda qaldı, sonra qayıdıb Moskvaya gəldi".

Məlum olub ki, İ.Baxışova istintaqa ifadəsində oğlunun Türkiyədən Suriyaya keçdiyini deyib. Lakin şahid bunu təkzib edib və ifadəsini rusca verdiyini, müstəntiqin Azərbaycan dilində yazdığını bildirib.

İttiham aktına əsasən, həmin şəxslər Türkiyə ərazisindən keçərək Suriyada Gürcüstan vətəndaşının rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində "Kalaşnikov"dan istifadə edərək orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Daha sonra İstanbul şəhərinə gələrək oradan Azərbaycana qayıdıblar. Ölkə ərazisində olarkən həbs ediliblər.

E.Quliyev ittihamı eşitmədiyini deyib: "Mənə heç kim deməyib ki, niyə tutublar".

F.Əliverdiyev və A.Baxışov özlərini təqsirli bilmədiklərini deyiblər.

E.Quliyevə sərbəst ifadə vermək təklif olunsa da, o, susaraq heç nə deməyib.

Məhkəmədə E.Quliyevin istintaq ifadələri elan olunub. Məlum olub ki, ilkin mərhələdə etirafedici ifadələr versə də, sonradan özünü təqsirli bilmədiyini deyib.

Son xəbərlər

Orphus sistemi