Bakı. 26 may. REPORT.AZ/ Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satmaqda təqsirləndirilən şəxslərin cinayət işinin istintaqı başa çatıb.
“Report”un məlumatına görə, Əfqan Xudaverdiyev və İbadulla Hüseynovun cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib. Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, bu il yanvar ayının 12-də İqtisadiyyat və Sənaye Naziriliyi (hazırda İqtisadiyyat Naziriliyi - "Report") və Baş Prokurorluğun birgə yaydığı məlumata əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə təsdiq edilmiş birgə Tədbirlər Planına müvafiq olaraq bu kimi hallara qarşı təxirəsalınmaz qabaqlayıcı və inzibati, habelə istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi 31C ünvanında yerləşən “Alfa med” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən “Grateziano” dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib.
Cəmiyyətin ambarına aparılmış baxış zamanı külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunub.
Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilib, həmin dərmanların Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilib.
“Alfa med” MMC-nin ofisinə baxış zamanı bir sıra zəruri sənədlər, dərman nümunələri, həmin dərmanların müvafiq sənədləşmə olmadan satışının həyata keçirilməsi, müxtəlif şəxslər vasitəsi ilə qanunsuz olaraq satılması, şirkətdə qara muhasibatlığın aparılmasına dair mühüm əhəmiyyət kəsb edən kitablar və digər qeydlər aşkar edilərək götürülüb.
Toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işi başlanmaqla “Alfa med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və İ.Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Daha sonra hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.