Sumqayıtda hərbi sursatlar aşkarlanıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 9 ədəd 30 mm-lik qəlpəli fuqaslı zenit top mərmisi, 12 ədəd 30 mm-lik zirehdələn zenit top mərmisi, 59 ədəd 23 mm-lik zirehdələn zenit top mərmisi, 22 ədəd M-12 partladıcısı, 9 ədəd V-429 partladıcısı, 13 ədəd T-90 partladıcısı və 5 ədəd sursatın partladıcı qalıqları olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.