Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı uçqun baş verən binaya baxış keçirib.
“Report”un xəbərinə görə, qəzalı vəziyyətdə olan binada 26 məcburi köçkün ailəsinin yaşadığı bildirilib.
Qeyd olunub ki, hazırda həmin ailələrdən 5-i köçürüləcək və kirayə mənzillərdə yerləşdiriləcək.
Həmin ailələrin sentyabra qədər Sumqayıtda tikintisi yekunlaşdırılacaq şəhərcikdəki mənzillərə köçürüləcəyi gözlənilir.
Xatırladaq ki, ötən gecə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikili binada uçqun olub.
Belə ki, binanın girişində pilləkənin uçması nəticəsində xəsarət alan 1967-ci il təvəllüdlü Cəfərova Gülxanım Ramazan qızı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə və digər təxirəsalınmaz işlər nəticəsində binada köməksiz vəziyyətdə qalan 5 nəfər (4-ü azyaşlı) təhlükəsiz əraziyə təxliyə edilib, ərazidə təhlükəsizlik təmin olunub.
*** 02:27
Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhərində yarımçıq tikilidə baş vermiş uçqun hadisəsi barədə məlumat yayıb.
"Report" xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikili binada uçqun olması, 1 nəfərin xəsarət alması barədə məlumat daxil olub. Nazirliyin Sumqayıt Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, binanın girişində pilləkən uçub, nəticədə xəsarət alan 1967-ci il təvəllüdlü Cəfərova Gülxanım Ramazan qızı xəstəxanaya yerləşdirilib.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə və digər təxirəsalınmaz işlər nəticəsində binada köməksiz vəziyyətdə qalan 5 nəfər (4-ü azyaşlıdır) təhlükəsiz əraziyə təxliyə edilib, ərazidə təhlükəsizlik təmin olunub.
***23:55
Sumqayıtda əsasən Qubadlı, habelə işğal altındakı digər rayonlardan olan məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında uçqun hadisəsi baş verib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 12-ci mikrorayonda qeydə alınıb.
İlkin məlumata görə, binanın giriş hissəsi uçub. Nəticədə 1970-ci il təvəllüdlü İdrak Hüseynov və 1967-ci il təvəllüdlü Gülxanım Cəfərova xəsarət alıblar.
Hadisə zamanı dağıntılar altında daha 3 nəfərin qaldığı bildirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib və hazırda təxliyə işləri aparılır.
Hadisə yerinə həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları və Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib.
Xilasedicilər tərəfindən keçirilən xilasetmə və digər təxirəsalınmaz işlər nəticəsində binada köməksiz vəziyyətdə qalan 5 nəfər (4-ü azyaşlıdır) təhlükəsiz əraziyə təxliyə edilib, ərazidə təhlükəsizlik təmin olunub.