Siyəzən rayonunun Zarat stansiyasında aşan qatar Rusiya özəl şirkətinə məxsusdur.
Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
"Bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus üç vaqon Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb. Vaqonların yükü taxta materiallarından ibarət olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır", - QSC qeyd edir.
Siyəzən rayonu, Zarat stansiyasının 77-ci kilometliyində 2024-cü il iyulun 16-da saat 11:10 radələrində Biləcəri stansiyasına doğru hərəkət edən "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus yük qatarının beş vaqonunun relsdən çıxaraq aşması ilə nəticələnən qəza ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub və ərazi nəzarətə götürülüb.
"Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır", - məlumatda vurğulanıb.
Siyəzən rayonu ərazisində yük qatarı relsdən çıxıb, üç vaqon aşıb.
“Report”un yerli bürosunun məlumatına görə, Rusiyadan ölkə ərazisinə daxil olan yük qatarında inşaat materialları daşınıb.
Qeyd edilir ki, qatarın Siyəzən rayonu ərazisində relsdən çıxması nəticəsində üç vaqon aşıb.
İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan olmayıb.