Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı nəticəsində 1966-cı il təvəllüdlü Mehman Əhmədovun ölməsi, 1978-ci il təvəllüdlü Səbinə Şəkərovanın isə xəsarətlər alması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a bildirilib.
Hazıra iş üzrə ibtidai istintaq aparılır.
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı üzrə Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Hazırda hadisə yeri prokurorluq əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.
Bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" MMC-də partlayış baş verib.
Nazirlikdən "Report"a verilən məlumata görə, hadisə nəticəsində bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.
“Report”un Aran bürosu isə xəbər verir ki, hərbi sursatın partlaması nəticəsində Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Əhmədov Mehman Həsən oğlu hadisə yerində ölüb.
Şirvan şəhəri, Xaqani küçəsində yaşayan, 1978-ci il təvəllüdlü Səbinə Şəkərova isə xəsarət alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.