Sevinc Babayevanın oğlunun məhkəməsi başlayıb

Sevinc Babayevanın oğlunun məhkəməsi başlayıb Məhkəmənin növbəti iclası oktyabrın 17-nə təyin edilib
Hadisə
14 Oktyabr , 2016 15:39
Sevinc Babayevanın oğlunun məhkəməsi başlayıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən keçmiş məhkum 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı cinayət işi ilə tanış olmadığını deyib və məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il fevral ayının 4-də Bakının Binəqədi rayonunda baş verib. Rayonun Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü A.Məmmədov evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. G.Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Daha sonra A.Məmmədovun polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur. Həmin zaman S.Babayeva "İnterpol" xətti ilə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

Son xəbərlər

Orphus sistemi