Sevdiyi qızın xalası oğlunu zarafata görə qətlə yetirən şəxsin işi ekspertizaya göndərilib

Sevdiyi qızın xalası oğlunu zarafata görə qətlə yetirən şəxsin işi ekspertizaya göndərilib Vəsatət təmin edilib
Hadisə
23 İyun , 2017 12:26
Sevdiyi qızın xalası oğlunu zarafata görə qətlə yetirən şəxsin işi ekspertizaya göndərilib
Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İbrahim Sadıqovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elmir Babayev ifadə verib.

O, təqsirləndirilən şəxsin dostu olduğunu deyib: "Axşam çayxanada oturmuşdum. İbrahim zəng eləyib, Nərimanova getməyinizi söylədi. Onunla birgə getdik. Avtobusda ona zənglər gəlirdi. Nəsə danışırdı, amma söhbətin nədən ibarət olduğunu bilmirdim. Həmin zaman İbrahim əsəbləşirdi. Sonra Nərimanovda məni bir nəfərlə tanış edib, qohumu olduğunu dedi. İşim olduğu üçün onlardan ayrılıb, getdim. Bir müddət sonra İbrahim zəng edib, hadisə baş verdiyini söylədi".

Daha sonra İ.Sadıqovun vəkili vəsatət qaldırıb. O, müvəkkilinin psixiatrik ekspertizadan keçirilməsini istəyib.

Vəsatət təmin edilib.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

İttiham aktına əsasən, hadisə ötən ilin fevral ayının 15-də baş verib. İ.Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovun zarafatı olub.

Belə ki, İ.Sadıqov sevdiyi Günel Əsgərovadan "yox" cavabı alıb. G.Əsgərovanın ailəsi də bu evliliyə razı olmayıb. G.Əsgərova yaşadığı rayondan Bakıya, xalasıgilə gəlib. İ.Sadıqov G.Əsgərovanın xalasıgilə zəng edərək onunla danışmaq istəyib. Telefona isə qızın xalası oğlu İ.Hüseynov cavab verib. O, İ.Sadıqovu xalası qızını danışmağa icazə verməyib. Bu zaman İ.Sadıqov daha əvvəl tanıdığı İ.Hüseynovla zarafat edərək, "Güneli anası ilə birlikdə qaçıracağam" deyib. İ.Sadıqovun bu zarafatı İ.Hüseynovun xoşuna gəlməyib və ona xəbərdarlıq edib. Bu zaman hər iki şəxs telefonda mübahisə etməyə başlayıb.

Daha sonra onlar görüşüb, mübahisəyə son qoymaq qərarına gəliblər. Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki görüşə İ.Sadıqov tək, İ.Hüseynov isə qardaşı ilə gəlib. İ.Sadıqov təkbətək söhbət etmək adı ilə İ.Hüseynovu qardaşının yanından ayırıb. Söhbət əsnasında hər iki şəx yenə də mübahisə ediblər. Bu zaman İ.Sadıqov üzərində gətirdiyi bıçaqla İ.Hüseynova çoxsaylı zərbələr endirib. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

İ.Sadıqov Cinayət Məcəlləsinin 120.2.2-ci (xüliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqda adam öldürmə) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi