Yuxarı

​“Avropa” hotelində qətl törətmiş şəxs: "Mən onu öldürmək istəmirdim"

Zaminbankın Nəsimi filialının müdirini qətlə yetirən şəxslərin məhkəməsi keçirilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Avropa" hotelində qətl hadisəsi törətməkdə təqsirləndirilən Sənan Quliyev və onun dostu Mövlud Səfərovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid Fuad Şabayev və təqsirləndirilən şəxslər ifadə verib.

F.Şabayev dindirilən zaman təhlükəsizliyə cavabdeh olmadığını bildirib: "2013-cü ildən "Avropa” hotelinin idman zalında koordinator vəzifəsində çalışmışam. Hazırda isə həmin yerdə işləmirəm. Hadisə günü axşam saat 21:00-da mənə xəbər verdilər ki, idman zalında cinayət hadisəsi baş verib. Hotelə gəlib çatanda artıq polislər də orada idi. Mənim iş vaxtım axşam saat 18:00-dan sonra başa çatır. Mən təhlükəsizliyə cavabdeh deyiləm. Buna hotelin təhlükəsizlik xidməti nəzarət edir. Hadisə baş verən zaman isə mühafizəçilərdən heç biri idman zalında olmayıb. Təhlükəsizlik kamerası isə hotelin kameraya nəzarət şöbəsinin tərkibindədir".

S.Quliyev “Avropa” hotelinin idman zalına ilk dəfə gəldiyini deyib: "Birinci dəfə idi ki, “Avropa” hotelinin idman zalına gəldim. Dostum Mövlud Səfərovla həmin zalda məşq etməyə hazırlaşırdım. Məşq üçün 100 manat ödəniş etdim. Hadisə isə bundan sonra baş verdi. Burada bir ananın övladı ölüb. Paltardəyişmə otağında təhlükəsizlik kamerası olsa da, foyedə yox idi. Əgər foyedə kamera olsaydı, hər şey aydın görünərdi. Düzdür, mən səhv eləyib döşəyin üzərinə ayaqqabı ilə çıxdım. Burada günahım var. Mən onu öldürmək istəmirdim. Azər isə məndən əl çəkmədi və onu bıçaqla vurdum. Mən özümü müdafiə etmək niyyətindəydim".

Daha sonra M.Səfərovun vəkili Cavid Rzazadə vəsatət qaldıraraq, hotelin idman zalının videogörüntüsünün surətinin verilməsini istəyib. Vəkil məhkəmənin tərkibinə də etiraz edib.

Dövlət ittihamçısı və zərərçəkən Azər Məmmədovun hüquqi varisi, anası Gülsabah Əhmədovanın müdafiəçisi isə bu görüntülərin surətinin verilməsini düzgün hesab etməyib.

Hakimlər müşavirə otağına yollanıb. Müşavirədən qayıdan məhkəmə heyəti C.Rzazadənin vəsatətini qismən təmin edib. Vəkilin məhkəmənin tərkibinə olan etirazını isə əsaslandırmayaraq baxılmamış saxlayıb.

Məhkəmənin növbəti iclası oktyabrın 13-nə təyin edilib.

Xatırladaq ki, bu il aprelin 21-də "Avropa" hotelinin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri - "Zaminbank"ın Nəsimi filialının müdiri Azər Məmmədova ürək nahiyəsindən bir bıçaqla və otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevə isə döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaqla xəsarət yetirilib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Sənan Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə, 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə), 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə, 120.2.2-ci (qəsdlə adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə, 120.2.3-cü (qəsdlə adam öldürmə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddələri ilə ittiham edilirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi