Şəmkirdə həyat yoldaşını güllələyən kişi saxlanılıb - YENİLƏNİB -2

Hadisə
  • 07 iyul, 2023
  • 18:45
Şəmkirdə həyat yoldaşını güllələyən kişi saxlanılıb - YENİLƏNİB -2

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyat yoldaşını odlu silahla xəsarət yetirməkdə şübhəli bilinən Əfsun Əhmədov ov tüfəngi ilə birlikdə saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Əfsun Əhmədov istintaqa təhvil verilib.

22:40

Şəmkir rayonunun Seyfəli kəndində ov tüfəngi ilə güllələnən qadının şəxsiyyəti dəqiqləşib.

"Report"un Qərb bürosunun məlumatına görə, həmin şəxs Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Zəhra Arif qızı Əhmədovadır.

Odlu silahdan açılan atəş nəticəsində 2 güllə yarası alan qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Bu səbəbdən o, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı isə hadisə yerindən qaçıb, onun saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

21:55

Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini olan bir qadının odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Report"a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı hadisəni qadının həyat yoldaşı, 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Əfsun Əhmədovun ov tüfəngi ilə yaralaması məlum olub.

Yaralı xəstəxanaya yerləşdirilib, cinayəti törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.