Şəmkirdə iki nəfəri güllələyən şəxsin anası: "Onlar oğlumu söyüblər"

Şəmkirdə iki nəfəri güllələyən şəxsin anası: "Onlar oğlumu söyüblər" "Tüfəngi ona mən vermişəm"
Hadisə
4 Aprel , 2017 10:47
Şəmkirdə iki nəfəri güllələyən şəxsin anası: Onlar oğlumu söyüblər
Courtesy İmage

Bakı. 4 aprel. REPORT.AZ/ Şəmkir rayonunda silahlı insident törədən Vahid Əsgərovun anası Zenfira Quliyeva hadisə ilə bağlı açıqlama verib.

O, "Report"a bildirib ki, hadisə mətbuatda yazıldığı kimi borc üstündə olmayıb.

Z.Quliyevanın sözlərinə görə, güllə yarası alan Cavid Şirinovla Zirəddin Qarayev onun oğlunun üstünə gəliblər: "Həmin şəxslər bir neçə gün əvvəl gözləyiblər. Oğlum Vahidin kənddə, rayonda hörməti var. Cavid və Zirəddin də bundan qıcıqlanıblar. Onları rayonda hər kəs tanıyır... Onlar oğlumu alçatmaq, üzünə şıram çəkmək istədiklərini söyləyiblər. Cavidlə Zirəddin işi 3 gün əvvəldən planlaşdırıb, oğlum kənddən çıxarkən izləyiblər. Onlar əvvəl Vahidin maşınının güzgüsünü vurub salıblar. Oğlum da maşınını saxlayıb, onlara deyib ki, "məndən əl çəkin". Bu hadisəni kənardan çox adam görüb. Deyirlər ki, onlar iki nəfər olub, lakin görən şəxslər 4 maşınla oğlumun qabağını kəsdiklərini söyləyib. Onlar oğluma söyüş söyüblər. Vahid də onları vurub. Daha sonra Cavidlə Zirəddin maşından tapança və bıçaq götürüb oğlumun üzərinə gəlib. Buna görə də Vahid maşında olan ov tüfəngini götürüb, əvvəl göyə atıb, onlara "çıxın gedin" deyib. Cavid onun üstünə gəlib, Vahid də həmin şəxsi ayağından güllə ilə vurub. Bu zaman Zirəddin "Niva" markalı avtomobilə minib, onun üstünə sürüb. Oğlum da maşının təkərinə güllə atıb. O da qaçıb gedib. Vahid də Cavidə bildirib ki, "sənə dedim axı məndən əl çək". Bundan sonra oğlum hadisə yerindən uzaqlaşıb".

Z.Quliyeva deyib ki, oğlu V.Əsgərova ov tüfəngini özü verib: "Evimizin üstünə çoxlu quşlar gəlirdi deyə, həmin gün silahı özüm ona verdim".

Son xəbərlər

Orphus sistemi