Şəkidəki mikroavtobus qəzasında yaralananların adları məlum olub - FOTO - SİYAHI

Şəkidəki mikroavtobus qəzasında yaralananların adları məlum olub - FOTO - SİYAHI Onlardan 1-i reanimasiya şöbəsinə yerləşdirilib, 16 nəfəri evə buraxılıb
Hadisə
20 Aprel , 2017 19:14
Şəkidəki mikroavtobus qəzasında yaralananların adları məlum olub - FOTO - SİYAHI
Report.az

Şəki. 20 aprel. REPORT.AZ/ Şəki rayonunda baş vermiş mikroavtobus qəzasında yaralananlardan 16 nəfəri evə buraxılıb. 

Şəki Rayon Mərkəzi Xəstəxanasından "Report"un Şimal-qərb bürosuna verilən məlumata görə, yaralılardan 85 yaşlı Şəki rayonu Sarıca kənd sakini Gülqədəm Eyvazova aldığı qapalı kəllə-beyn travması və ətrafların sınığı dioqnozu ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Sürücü Raqif Mürşüdov və digər üçü azyaşlı olmaqla 16 sərnişin -  Səlimə İsmayılova, Şəhla Təmrazlı, Oxşar Mustafayev, Zülfiyyə Bayramova, Ceyhun Əliyeva (hamısı Şəki rayonu), Ruhiyyə Yusifova və onun 5, 6 və 7 yaşlı üç övladı, Kifayət Mustafayeva, Şükufə Kərimova və onun oğlu Sahib Kərimov (hamısı Mingəçevir şəhəri), Mürvət Babayev (Ağdaş), Rəsul Əhmədov (Ağdam) xəstəxanada müayinə edildikdən sonra xəsarətləri yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Qeyd edək ki, bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 30-cu kilometrliyində Şəkinin Cəfərabad kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Şəki rayonunun Şin kəndinin sakini, 30 yaşlı Raqif Mürşüdov idarə etdiyi “Mercedes-Bens” markalı, 10 VR 843 dövlət nömrə nişanlı mikroavtobusla Şəkidən Mingəçevir istiqamətində hərəkətdə olarkən mikriavtobusda yaranan texniki nasazlıq səbəbindən idarəetməni itirərək maşını yolun kənarına aşırıb. Nəticədə mikroavtobusda olan üçü azyaşlı olmaqla 17 nəfər sərnişin Şəki rayonu və Mingəçevir şəhər sakinləri aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi