Şəkidə Meşə Təsərrüfatı Fonduna məxsus ərazidə güclü yanğın olub - FOTO - VİDEO

Şəkidə Meşə Təsərrüfatı Fonduna məxsus ərazidə güclü yanğın olub - FOTO - VİDEO Altı saat davam edən yanğın söndürülüb
Hadisə
31 İyul , 2017 22:26
Şəkidə Meşə Təsərrüfatı Fonduna məxsus ərazidə güclü yanğın olub - FOTO - VİDEO
Foto: Report.az

Şəki. 31 iyul. REPORT.AZ/ Şəkidə kolluq-meşəlik ərazilərdə güclü yanğın baş verib.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, yanğın günorta saatlarında Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Göynük meşəbəyliyinin 2 saylı dolayında və həmin əraziyə bitişik, rayonun Baqqal kənd bələdiyyəsinə məxsus sahələrində baş verib.

Təqribən 6 saat davam edən yanğını söndürmək mümkün olub. Nəticədə ümumilikdə 18 hektar ərazidə kol-kos, quru ot və xırda ağaclar yanıb. Yanğının daha da genişlənərək meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Yanğın baş verən ərazilərə Şəki, Qax və Zaqatala rayonlarının dövlət yanğından mühafizə hissələrinin texnikaları və şəxsi heyətləri cəlb olunub. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki və Qax Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin onlarla əməkdaşı da yanğının söndürülməsində iştirak ediblər. Yanğın baş verən ərazilər böyük olduğundan, Baqqal, Aşağı Göynük, Baş Göynük, Baş Şabalıd, Biləcik və digər kəndlərdən kənd sakinləri əraziyə gələrək yanğının söndürülməsinə yardım ediblər.

Kənd sakinlərinin sözlərinə görə, ərazilərdə böyürtkən kolları və sumaq ağacları çox olduğundan, ətraf kəndlərdən buralara sakinlər giləmeyvə yığmağa gəlir. Ehtimal olunur ki, hansısa ehtiyatsız davranan insanlar yanğına səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi