Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayonun Orta Zəyzid kəndində Mahmud Məmmədova məxsus fərdi yaşayış evində keçirilən toy mərasimində 100 nəfərdən artıq qonağın iştirak etdiyi, həmçinin xidmət personalının tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi müəyyən olunub.
Karantin rejimi qaydalarını kobud şəkildə pozan ev sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə )maddəsi ilə protokol tərtib olunaraq cərimələnib.
Keçirilən yoxlamalar zamanı rayonun Kiçik Dəhnə kəndində yerləşən “Dəhnə” şadlıq sarayında da karantin rejimi tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, toy məclisində 170 nəfər qonağın iştirak etdiyi müəyyən olunub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı şadlıq sarayının inzibatçısı və toy sahibi barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.