Səfər Mehdiyev: "Biləsuvar gömrük postunda 527 kq heroin aşkar edilib"

Səfər Mehdiyev: "Biləsuvar gömrük postunda 527 kq heroin aşkar edilib" "Azərbaycanın gömrük orqanları daha bir uğurlu əməliyyat həyata keçirib".
Hadisə
20 Sentyabr , 2021 15:40
Səfər Mehdiyev: Biləsuvar gömrük postunda 527 kq heroin aşkar edilib

"Azərbaycanın gömrük orqanları daha bir uğurlu əməliyyat həyata keçirib".

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib.

"Əməliyyatçılarımızın yüksək peşəkarlığı nəticəsində ölkəmizin cənub sərhədində - Biləsuvar gömrük postunda 527 kq-dan artıq narkotik vasitə - heroin aşkar edilib", - deyə DGK rəisi əlavə edib.

Komitənin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Latviyaya "kimyəvi maddə və quruducu qatqı" yükü aparan İran vətəndaşı Sıasatı Ashkan Bahmanın idarə etdiyi "Renault" markalı "JJ056WW/FF106T" dövlət nömrə nişanlı yük avtomobili saxlanılıb və gömrük nəzarətinə cəlb edilib.

Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verib və yük avtomobilində əsaslı yoxlama aparılıb.

Nəticədə, avtomobildə olan paletlərdəki 105 ədəd 10 litrlik metal qabların hər birinin içərisində 1 ədəd olmaqla, ümumilikdə 105 ədəd şəffaf paketə qablaşdırılmış maye halında, tünd qəhvəyi rəngli, spesifik qoxu ilə müşayiət olunan narkotik vasitə - heroin aşkar edilib. Baxış zamanı paketlər elektron tərəzidə çəkilib və təqribi çəkisinin 527 kq 600 qram olduğu müəyyənləşib.

Aparılan təhlillər onu göstərir ki, narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qruplar əvvəllər Azərbaycanın işğal altında olan nəzarətsiz torpaqlarından rahat şəkildə tranzit marşrut kimi istifadə edərək məqsədlərinə çatırdılar. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra "rahat marşrut"ları əldən çıxan cinayətkarlar öz çirkin əməllərini gerçəkləşdirmək üçün narkotikləri digər marşrutlardan - dövlət sərhədinin mühafizə olunan hissəsindəki gömrük-sərhəd buraxılış məntəqələrindən keçirməyə cəhd göstərirlər. Lakin gömrükçülərin sayıqlığı nəticəsində bu kimi cəhdlərin qarşısı qətiyyətlə alınır və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi