Samuxda qidadan zəhərləndiyi ehtimal edilən şəxslərin sayı 9-a çatıb - YENİLƏNİB
- 13 avqust, 2026
- 11:54
Samux rayonunda ət məhsulundan zəhərlənmə ehtimalı ilə xəstəxanaya yerləşdirilənlərin sayı artıb.
"Report"un Qərb bürosunun məlumatına görə, xəstəxanaya zəhərlənmə ehtimalı ilə bağlı daha 4 nəfər gətirilib.
Həmin şəxslər 2001-ci il təvəllüdlü Nuranə Vəliyeva, 1977-ci il təvəllüdlü Nargilə Babayeva, 1974-cü il təvəllüdlü Tünzalə Cabbarova və 1984-cü il təvəllüdlü Şəmil Hacıyev Gəncə Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Bununla da zəhərləndiyi ehtimal edilən şəxslərin sayı 9-a çatıb.
TƏBİB-dən "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 19:00-dan başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə müraciətlər daxil olub. Pasiyentlərə ilkin tibbi qiymətləndirmə aparılıb və zəruri tibbi xidmətlər göstərilib.
Məlumata görə, hazırda pasiyentlərin vəziyyəti stabildir: "Müvafiq instrumental müayinələr və araşdırmalar tamamlandıqda ictimaiyyətə əlavə məlumat veriləcək".
Samux rayonunda qidadan olduğu ehtimal edilən kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Alıuşağı kəndindən 5 nəfər Gəncə Abbas Səhhət adına Birləşmiş Xəstəxananın infeksion xəstəliklər şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, həmin şəxslərin ət məhsulundan zəhərləndiyi ehtimal olunur. Zərərçəkənlərin Kəlbəcər, Daşkəsən və Gəncə şəhər sakinləri olduğu bildirilir.
Zəhərləndiyi iddia edilən Seymur Əliyev (1984), Elçin Cabbarov (1986), Mehriban Orucova, (1975), Azər Allahverdiyev (1980), Məlahət Allahverdiyeva (1976) xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisə nəzarətdədir.
"Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırma aparır.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - məlumatda qeyd olunub.