Bakı. 5 may. REPORT.AZ/ "Şamaxı şəhər sakini, 1984-cü il təvəllüdlü Amirə Əlisahab qızı Binyətova xəstəxanaya ağır vəziyyətdə gətirilib. Xəstədə ilkin olaraq yüksək qan təzyiqi və qanaxma müşahidə olunub. Xəstə əməliyyata götürülüb".
Bu sözləri "Report"un Şirvan bürosuna Şamaxı Şəhər Mərkəzi Xəstəxanasının həkimi, doğumda iştrak edən mama-ginekoloq Tünzalə Həmidova deyib.
O, qeyd edib ki, saat 18:00-da xəstənin halı pisləşdiyindən Bakıdan reanimatoloq və anestezioloq çağırılıb: "Həkimlərin birgə qərarı ilə o, reanimasiya şöbəsinə yerləşdirlib. Xəstənin vəziyyəti getdikcə ağırlaşıb. O, bu gün saat 17 radələrində reanimasiya şöbəsində dünyasını dəyişib".
T. Həmidova ölümün ilkin səbəbini preklamsiya ilə əlaqələdirib. Həkim ana ölümündə ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. "Bizim heç bir təqsirimiz yoxdur. Amirə Binyətova xəstəxanaya ağır vəziyyətdə gətirilib və əməliyyat olunub. Ona əlimizdən gələn köməyi göstərmişik".
Qeyd edək ki, ailə ananın ölümündə həkim səhlənkarlığının olduğunu bildirib.
Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.