Yuxarı

​"Sahil" bağında qətl törətmiş şəxs məhkəmədən vaxt istəyib

Məhkəmə dekabrın 3-nə təyin edilib

Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə son söz verilib. O, çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə dekabrın 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il yanvar ayının 6-da "Sahil" bağında baş verib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb.

E.Çobanov Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunub.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı məhkəmədən E.Çobanova 18 il həbs cəzası verilməsini istəyib.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi