Şahid: "Falçı cadunu çıxartmaq üçün bacımdan 20 min dollar almışdı"

Şahid: "Falçı cadunu çıxartmaq üçün bacımdan 20 min dollar almışdı" İş adamının arvadına qarşı dələduzluq edən falçı qadının məhkəməsində şahid ifadə verib
Hadisə
15 Sentyabr , 2017 11:56
Şahid: Falçı cadunu çıxartmaq üçün bacımdan 20 min dollar almışdı
Report

Bakı. 15. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid Vəlican Rəcəbov ifadə verib.

O, ifadəsində deyib ki, S.İsmayılovanı ekstrasens kimi tanıyıb: "Səkinə İsmayılovanın Şəlalə adlı rəfiqəsini də tanıyırdım. Mən nişanlımla ayrılmışdım. Şəlalə ilə Səkinə məni aldadıb nişanlımla barışdıracağımı dedilər. Buna görə 1500 manat pul vermişəm".

Şahid Təyminə Abdullayevanın Səkinə İsmayılova tərəfindən aldadılaraq pulunun alınmasına da münasibət bildirib: "Bildiyim qədəri ilə Səkinə İsmayılova Təyminə Avdullayevadan 10 min dollar alıb".

Daha sonra şahid qismində T.Abdullayevanın bacısı Rəna Abdullayeva dindirilib: "Bacım zəng edib Səkinənin yanına getdiyini dedi. Baxıcı Səkinə də deyib ki, "hamınıza cadu ediblər, öləcəksiniz". Bacım da buna inanıb. Təyminə də uşağı da götürüb bunun yanına aparıb, şam yandırırdı, üstlərinə əl çəkirdi. Səkinə deyib ki, bununla da "ölünü sizin bədəninizdən çıxardım". Buna görə də bacımdan 20 min dollar istəmişdi. Amma Səkinə deyirdi ki, bu pul azdı. Əlavə olaraq da qızıl istəmişdi. Bacım da buna inandı, hər şeyini verdi buna. Qızılları satdı, bankdan pul götürdü".

R.Abdullayeva özünün də falçı S.İsmayılovaya inanmasının səbəbini belə izah edib: "Bacımın oğlu 13 il sonra olmuşdu. Uzun müddət xəstəxanada yatıb. Elə mən də qorxub, ehtiyat etdim. Dedim ki, tək uşaqdı, birdən nəsə olar. Yoxsa mən belə şeylərə inana deyiləm".

Məhkəmənin növbəti iclası sentyabrın 22-nə tətin edilib.

Xatırladaq ki, Təyminə Abdullayevaya barəsində əri Barat Abdullayevin şikayəti əsasında cinayət işi açılıb. 

Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirək, ona 890 min manat məbləğində ziyan vurub.

B.Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda otelinin, ticarət obyektlərinin olduğu bildirilir. B.Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.

Təyminə Abdullayeva ərinin dedikəri ilə razılaşmayaraq söyləyib ki, pullarını S.İsmayılova adlı falçı ələ keçirib. S.İsmayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat alıb. Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər. T.Abdullayeva iddia edir ki, falçı Səkinə onun pullarını və əmlakını ələ keçirib.

T.Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Prokuror T.Abdullyevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

T.Abdullayevanın işi davam edən ərəfədə S.İsmayılova da həbs edilib.

Son xəbərlər

Orphus sistemi