BAKI. 23 yanvar. REPORT.AZ/ Ötən gecə paytaxtda iki piyadanın vurulması ilə nəticələnən qəza baş verib.
"Report"un məlumatına görə, ilk qəza Sabunçu Rayonu Zabrat qəsəbəsində qeydə alınıb. 41 yaşlı Əfqan Abbasov özünə məxsus "VAZ 2106" markalı avtomobili ilə yolu keçmək istəyən Ceyhun Qasımovu vurub. Sürücü piyadanı avtomobili ilə xəstəxanaya çatdırıb.
Əfqan Abbasov ifadəsi alınması üçün Sabunçu rayon polis idarəsinə aparılıb. "VAZ 2106" markalı avtomobil isə cərimə meydançasına yerləşdirilib.
Digər qəza isə Sabunçu dairəsi adlanan ərazidə baş verib. Naməlum sürücü yol kənarı ilə hərəkət edən piyadanı vurub. 41 yaşlı Hümbət Hacıyevi xəstəxanaya hadisə şahidləri gətiriblər.
Müayinə zamanı sərxoş vəziyyətdə olan piyadanın qolunun sındığı məlum olub. Hadisə yerindən qaçan sürcünün axtarışları polislər tərəfindən davam etdirilir.
Hər iki qəza ilə bağlı Sabunçu rayon polis idarəsində araşdırmalara başlanılıb.

