Yuxarı

Şabranda baş verən yanğın söndürülüb, ümumilikdə 80 hektar ərazi yanıb - YENİLƏNİB

Yanğın Taxtalar kənd ərazisinin biçilmiş əkin sahəsində başalyıb və qəbirstanlığa keçib

Şabran. 7 iyul. REPORT.AZ/ Şabran rayonunda baş verən yanğın söndürülüb. “Report”un Şimal bürosu xəbər verir ki, bu gün günorta saatlarında Xaltan qəbirstanlığında başlayan yanğın ümumilikdə 80 hektar əraziyə yayılıb. Yanğından mühafizə xidmətinin, həmçinin rayonda xidmət aparan polis əməkdaşlarının, eləcə də yerli sakinlərin səyi nəticəsində yanğını söndürmək mümkün olub.

Qeyd edək ki, yanğın Şabran meşə massivinə keçməsinə 3 km qalmış söndürülüb.

*** 17:44

Şabran. 7 iyul. REPORT.AZ/ Şabran rayonunda qəbirstanlıqda başlayan yanğın genişlənməyə başlayıb. 

“Report”un Şimal bürosu xəbər verir ki, əraziyə Şabran yanğından mühafizə xidmətinin 4, həmçinin Siyəzən və Qubadan yanğınsöndürən maşınlar cəlb olunub.

Yanğın Şabranın Dağbilici kənd ərazisinə keçib. Ətraf əraziləri bürüyən yanğının söndürülməsinə kənd sakinləri də qoşulublar.

Hazırda yanğınsöndürənlər alovun yaxınlıqda yerləşən Şabran meşəsinə keçməsinin qarşısının alınması üçün tədbirlər həyata keçirirlər.

İlkin ehtimallara görə, Şabran ərazisində yerləşən Xaltan qəbirstanlığında başlayan yanğına səbəb həmin qəbirstanlığı ziyarət edənlərin əraziyə atdığı siqaret kötükləri olub. Qəbirstanlıqda 300-ə yaxın qəbir var, bir sıra qəbirlərə ziyan dəyib, bütün ağacların gövdəsi yanıb.

*** 13:59

Şabran ərazisində yerləşən Xaltan qəbirstanlığında yanğın başlayıb.

“Report”un Şimal bürosu xəbər verir ki, yanğın Taxtalar kənd ərazisinin biçilmiş əkin sahəsində başlayıb və qəbirstanlığa keçib.

Yanğın nəticəsində qəbirlərin bir çoxunun sinə və baş daşları tanınmaz hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şabran rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda 20 hektar sahəni əhatə edən yanğın davam edir. Əraziyə əlavə yanğınsöndürən maşınlarının gətiriləcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi