Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda baş verən ağır yol qəzası ilə məlumat yayıb.
Nazirliyin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a bildirilib ki, bu gün axşam saatlarında Sabirabad rayonu ərazisində hərəkətdə olan İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının balansında olan "Mercedes" markalı nəqliyyat vasitəsi ilə "VAZ-21015" markalı nəqliyyat vasitəsi toqquşub.
Hadisə nəticəsində "Mercedes" markalı nəqliyyat vasitəsində biri TTYS-nin əməkdaşı olmaqla 3 nəfər, "VAZ-21015" markalı nəqliyyat vasitəsində isə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.
Sabirabadda baş verən qəzanın bəzi təfərrüatları məlum olub.
“Report”un Aran bürosunun məlumatına görə, İmişli rayon sakini, 1982-ci il təvəllüdlü Həziyeva Dilarə Alməhəmməd qızı hamilə olduğundan təcili yardım maşını ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilərkən qəza baş verib.
Nəticədə İmişli rayon sakinləri, təcili yardım stansiyasının tibb bacısı, 1964-cü il təvəllüdlü Abdullayeva Aidə Nizami qızı, 1980-ci il təvəllüdlü Vəliyeva Aynur Hüseyn qızı, “VAZ-21011” markalı avtomobilin sürücüsü, Sabirabad şəhər sakini, 1969-cu il təvəllüdlü Cəfərov Muxtar Cəfər oğlu və onun həmyerlisi 1987-ci il təvəllüdlü Vəliyeva Ceyhunə Baloğlan qızı müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yüngül xəsarət alan hamilə qadın D.Həziyeva isə doğum şöbəsinə qaldırılıb.
Faktla bağlı araşdırma aparılır.
Sabirabadda təcili yardım maşını ilə digər avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, İmişli rayonuna məxsus təcili yardım maşını “VAZ-21011” markalı avtomobillə toqquşub.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.