​Sabiq nazirin qohumunu öldürməkdə təqsirləndirilən qadın ifadə verməkdən imtina edib

​Sabiq nazirin qohumunu öldürməkdə təqsirləndirilən qadın ifadə verməkdən imtina edib Məhkəmə aprelin 14-də davam etdiriləcək
Hadisə
12 Aprel , 2016 12:37
​Sabiq nazirin qohumunu öldürməkdə təqsirləndirilən qadın ifadə verməkdən imtina edib

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəməsinin növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs məhkəmədə ifadə verməkdən imtina edib.

X.İsgəndərovanın müdafiəçiləri yazılı vəsatətlə çıxış edərək məhkəmə tərkibinə yenidən etiraz ediblər. Hakimlər kollegiyası müşavirə otağına yollanıb. Müşavirədən qayıdan məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Daha sonra X.İsgəndərova ifadə verməkdən imtina edib. Məhkəmədə onun istintaqa verdiyi ifadələr elan olunub: "Hadisədən əvvəl qızım Bülbülün toyu olmuşdu. 2014-cü ilin sentyabr ayının 1-də anamın yanına gedəcəyim üçün Füzulidən pul istədim. Mənə 50 manat pul verdi. Lakin ondan xırda pul da istədim. O, xırda pulunun olmadığını, qaraja gedib maşından gətirəcəyini bildirdi. Qarajda onun səsini eşitdim. Füzulinin kiməsə "köpəy oğlu, uşaqlarıma əl vurma" dediyi sözləri eşitdim. O, yaralı vəziyyətdə maşına söykənmişdi. Ərimin yanında əlləri yaralı olan cavan oğlan var idi. Həmin şəxs Füzuliyə təpik vurdu, öz yarasını isə başına keçirdiyi papaqla sarıdı. Səs-küyə qızım Əmanə də gəldi. Cavan oğlan həmin zaman qızımı tutub bıçağı onun boğazına tərəf apardı. Sonra qızımı hamam otağına aparıb, qanlı bıçağı və yarasını yudu. Məndən pul istədi. Pulumun olmadığını, ona qızıllarımı verəcəyimi dedim. Qızıl və 50 manat pulu verəndən sonra həmin şəxs çıxıb getdi. Qızım tez qapını bağlayıb, polisə, təcili tibbi yardıma və qohumlara zəng vurduq. Daha sonra Füzulini xəstəxanaya apardıq".

Məhkəmə aprelin 14-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş verib. 1964-cü il təvəllüdlü Füzuli Haqverdi oğlu İsgəndərov yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. Qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

2015-ci il noyabr ayının 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda X.İsgəndərovanın vəkili vəsatətlə çıxış edib. O, cinayət işinin materialları ilə tanış olduqlarını, cinayəti zərərçəkənin həyat yoldaşı X.İsgəndərova tərəfindən törədilmədiyini və istintaq zamanı cinayət işinin sübutlarının saxtalaşdırıldığını, kobud səhvə yol verildiyini bildirib. Dövlət ittihamçısı çıxış edərək bildirib ki, qaldırılan vəsatət əsassızdır. Daha sonra hakimlər kollegiyası qərar verib. Qərara əsasən, vəsatət təmin edilib. Kobud qayda pozuntularının qeydə alınmasına görə iş istintaqa qaytarılıb. Həbs qətimkan tədbiri isə dəyişdirilmədən saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi