Sabiq nazir müavininin qohumunun məhkəməsində şahidlər dindirilib

Sabiq nazir müavininin qohumunun məhkəməsində şahidlər dindirilib Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib
Hadisə
22 Sentyabr , 2017 17:37
Sabiq nazir müavininin qohumunun məhkəməsində şahidlər dindirilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Əfqan Salamov ifadə verib.

O, təqsirləndirilən E.Hüseynovun sürücüsü olduğunu bildirib: "Emil Hüseynovun Tural adlı şəxsə 380 min manat borcu olub. Emil də bu borcun 150 minini qaytarıb".

Daha sonra şahid qismində təqsirləndirilən şəxsin dayısı İbrahim Məmmədov dindirilib. O, bacısı oğlunun biznes fəaliyyətindən xəbərinin olduğu deyib: "Lakin onun kimlərəsə pul borclu olmasından məlumatım yoxdur".

Məhkəmədə cinayət işi üzrə sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun oğlu Elnar Əsgərovun da şahid qismində ifadə verəcəyi məlum olub. Lakin onun E.Hüseynova qarşı cinayət işi başlanan zaman ölkəni tərk etdiyi bildirilib. Bu səbəbdən də onun şahid kimi dindirilməsi mümkün olmayıb.

Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib.

Qeyd edək ki, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, E.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.

Son xəbərlər

Orphus sistemi