Sabiq icra başçısının şikayəti əsasında məhkəmə başlayıb

Sabiq icra başçısının şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası avqustun 25-nə təyin edilib
Hadisə
19 Avqust , 2016 14:27
Sabiq icra başçısının şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 19 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində rəsmi sənədləri qanunsuz hazırlamada və dələduzluqda təqsirləndirilən Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Şıxməmməd oğlu Alışov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

“Report”un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası avqustun 25-nə təyin edilib.

Qeyd edək ki, R.Alışov Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1994-2001-ci illərdə işləyib. O, Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri qanunsuz hazırlamada, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci (rəsmi sənədləri qanunsuz hazırlamada, bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Məhkəmənin hazırlıq iclasında o, həbs edilib.

Bu il aprel ayının 20-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R.Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq icra başçısı apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkili məhkəmənin istintaqla aparılması barədə vəsatət verib. Lakin hakim vəsatəti təmin etməyib. Həmin qərardan kassasiya şikayəti verilib. Ali Məhkəmədə də kassasiya şikayətini təmin etməyib, iş yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

Son xəbərlər

Orphus sistemi