Yuxarı

Sabiq Aparat rəhbəri: “Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə yazacağam”

“Atamın yasına gələ bilmədim”

Bakı. 24 fevral. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanov Eynur Kərimovun 170 min dollarının mənimsənilməsi ilə bağlı Komitə sədri Hicran Hüseynovanı ittiham edir.

Bu barədə “Report”a E.Kərimovun vəkili Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi Eynur Kərimov sabiq Aparat rəhbəri Səfər İmanovla telefonla danışıb: “Səfər İmanov müvəkkilimlə danışarkən ölkədən qaçmasına, öz atasının yas mərasimində iştirak edə bilməməsinə səbəb kimi Hicran Hüseynovanı göstərir. Hazırda onun hansı ölkədə olduğunu deyə bilməyəcəm. Səfər İmanov bu haqda nə lazımdırsa, yaşadığı ölkədən yazıb göndərəcəyini bildirib”.

A.Məmmədovun sözlərinə görə, S.İmanov yaşadığı ölkədən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də ərizə yazacağını da deyib.

Qeyd edək ki, S.İmanov 1 noyabr 2015-ci ildə AQUPDK-nun Aparat rəhbəri vəzifəsindən azad edilib. Onun vətəndaş Eynur Kərimovdan 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir.

Xatırladaq ki, Komitənin mətbuat xidmətinin fevralın 17-də yaydığı məlumata görə, sabiq Aparat rəhbəri Səfər İmanov komitədə işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs komitəyə müraciət edib: “Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl Səfər İmanova pul vəsaiti təqdim edib. Eyni zamanda, rəqəmlər şəxs tərəfindən dəyişdirilərək hər dəfə fərqli ifadə edilib və bu 4 il müddətində həmin şəxs Səfər İmanovla yaxın əlaqədə olub. Burdan sual ortaya çıxır ki, niyə bu 4 il ərzində həmin vətəndaş tərəfindən rəsmi şəkildə komitəyə və digər hüquq-mühafizə orqanlarına müraciətlər edilməmişdir?! Biz məsuliyyətlə qeyd edirik ki, həmin şəxslə komitə sədri xanım Hicran Hüseynovanın işlə təmin edilməsi və hər hansı pul vəsaitinin verilməsi ilə bağlı heç bir əlaqəsi və danışıqlar olmayıb. Qeyd etmək istərdik ki, dövlət komitəsinin sədri xanım Hicran Hüseynova kimisə vəzifəyə təyin etmək üçün inzibati və rəsmi səlahiyyətlərə malik deyil. Onu da əlavə edək ki, bir sıra kütləvi informasiya vasitələrində Səfər İmanovun xanım Hicran Hüseynovanın dayısı oğlu olması ilə bağlı məlumatlar yer alıb və biz bunu təkzib edərək nəzərinizə çatdırmaq istərdik ki, bu məlumat yanlışdır”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi