Azərbaycanda vəkillərin əvvəlki qaydada əlavə tibbi arayış tələb olunmadan istintaq təcridxanarına buraxılması bərpa edilib.
"Report" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
"Son günlər vəkillərin istintaq təcridxanalarına buraxılması ilə bağlı COVID-19 testi barədə tibbi arayışın tələb olunması problemi apardığımız müzakirə nəticəsində öz müsbət həllini tapdı. Ədliyyə Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən sabahdan etibarən (14 may - red.) vəkillər əvvəlki qaydada əlavə tibbi arayış tələb olunmadan ölkənin bütün istintaq təcridxanarına buraxılacaqlar. Bununla belə, tibbi maska və qoruyucu əlcəklərin taxılması, dezinfeksiya vasitələrdən istifadə mütləqdir", - deyə o bildirib.
A.Bağırov həmçinin deyib ki, Bakı Kommersiya Məhkəməsinin binasına vəkillərin girişi zamanı mobil telefonlar və planşetlər bundan sonra alınmayacaq: "Başqa bir xoş xəbər, bu gün Bakı Kommersiya Məhkəməsinin yeni təyin olunan sədri İlham Əhmədovdan aldığım məlumata görə, keçmiş 2 saylı Yerli İnzibati-İqtisadi Məhkəmənin binasına vəkillərin girişi zamanı mobil telefonlar və planşetlər alınmayacaq. İlham müəllim bununla bağlı lazımi tapşırıqlar verib, vəkil korpusu adından sədr İlham Əhmədova təşəkkür edirəm!"