Saatlıda pambıq tarlasındakı kütləvi zəhərlənmənin ilkin səbəbi açıqlanıb - YENİLƏNİB-2

Saatlıda pambıq tarlasındakı kütləvi zəhərlənmənin ilkin səbəbi açıqlanıb - YENİLƏNİB-2 Kimyəvi dərmandan zəhərlənən işçilərdən 4-ü Bakıya göndərilib
Hadisə
11 İyun , 2018 14:28
Saatlıda pambıq tarlasındakı kütləvi zəhərlənmənin ilkin səbəbi açıqlanıb - YENİLƏNİB-2

Saatlı. 11 iyun. REPORT.AZ/ Saatlı rayonunda pambıq tarlasındakı kütləvi zəhərlənmənin ilkin səbəbi açıqlanıb. 

"Report"un məlumatına görə,  Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, Saatlıda pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar olaraq, müvafiq qurumların da iştirakı ilə komissiya yaradılıb: “Hazırda dəqiq diaqnoz qoyulmayıb. Ehtimal olunur ki, bu hadisə pestisid, yaxud qida zəhərlənməsindən baş verə bilər”.

Qeyd edək ki, Saatlıda pambıq tarlasında zəhərlənənlərdən 4-nün vəziyyəti ağır olduğu üçün Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.


*** 08:00

Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənən işçilərdən 4-ü Bakıya göndərilib. 

"Report" xəbər verir ki, ötən gecə zəhərlənənlərlə bağlı Bakı şəhərindən bir qrup həkim Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub.

Həkimlər xəstəxanada yerləşdirilən xəstələrin vəziyyəti ilə tanış olaraq onlara lazımi tibbi yardımlar göstəriblər. Onların məsləhəti ilə 4 zərərçəkən Bakıya göndərilib.

Qeyd edək ki, ötən gün Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 24 işçi kimyəvi dərmandan zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


***23:12

Saatlıda tarlada işləyən şəxslər zəhərlənib.

"Report" xəbər verir ki, hadisə rayonun Sımada kəndi ərazisində qeydə alınıb.

Belə ki, pambıq tarlasında işləyən 24 işçi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hətta onlara yardım göstərən feldşer, 1988-ci il təvəllüdlü Mehdiyev Hikmət Mirəli oğlu da zəhərlənib. 

İlkin məlumata görə, işçilərin pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə "Formula 5-FEC" kimyəvi dərmanından zəhərləndikləri bildirilir. Artıq bununla bağlı bütün aidiyyati orqanlara məlumat verilib. Rayona Bakıdan həkimlərin göndərilməsi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi