​Rüşvət verməkdə təqsirləndirilən keçmiş vəkilin məhkəməsi davam etdirilib

​Rüşvət verməkdə təqsirləndirilən keçmiş vəkilin məhkəməsi davam etdirilib Məhkəmənin növbəti iclası avqustun 3-nə təyin edilib
Hadisə
23 İyul , 2016 13:03
​Rüşvət verməkdə təqsirləndirilən keçmiş vəkilin məhkəməsi davam etdirilib

Bakı. 23 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində rüşvət verməkdə və vəzifə saxtakarlığında təqsirləndirilən keçmiş vəkil Əliabbas Rüstəmov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası avqustun 3-nə təyin edilib.

Qeyd edək ki, “Yasavul” MMC-nin direktoru olan keçmiş vəkil Ə.Rüstəmovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Ə.Rüstəmov Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və sonuncunun cinayət məsuliyyətindən azad olunması barədə vəd verib. O, guya işin ibtidai istintaqını aparan şəxsə 90 min manat məbləğində rüşvət verilməsi üçün rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında saxlanılıb.

Baxış zamanı Ə.Rüstəmovun üzərindən 95 min manat məbləğində nağd pul, habelə xidməti otağından ibtidai istintaq üçün əhəmiyyət kəsb edən sənədlər aşkar edilərək götürülüb.

O, Cinayət Məcəlləsinin 312.2-ci (rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

2015-ci ilin noyabr ayında isə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Ə.Rüstəmov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ə.Rüstəmov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi məhkəmənin istintaqla aparılması barədə vəsatət verib. Lakin hakim vəsatəti təmin etməyib. Həmin qərardan kassasiya şikayəti verilib. İşə Ali Məhkəmədə baxıldıqdan sonra yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, Ə.Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.

Son xəbərlər

Orphus sistemi