Yuxarı

​Azərbaycanda rüşvət alan 20 şəxsin işi məhkəmələrə göndərilib

Cinayət işləri üzrə vurulmuş ziyanın 30 milyon manatı vətəndaşlara istintaq müddətində ödənilib

Bakı. 22 iyul. REPORT.AZ/ Bu ilin I yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsi tərəfindən 158 şəxs barəsində 99 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

“Report”un xəbərinə görə, bu barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.

Həmin cinayət işlərindən 50 şəxs barəsində 33 iş mənimsəmə və israf etmə, 41 şəxs barəsində 30 iş dələduzluq, 26 şəxs barəsində 13 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 8 şəxs barəsində 8 iş saxta sənədlərdən istifadə etmə, 6 şəxs barəsində 3 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 20 şəxs barəsində 8 iş rüşvət alma, 6 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş isə digər faktlarla əlaqədar olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 94 milyon 895 min manat ziyandan istintaq müddətində 30 milyon 226 min manat və ya 31, 8 %-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2015-ci ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi