"Report" "UlanMedia" informasiya agentliyinə istinadən xəbər verir ki, həmyerlimiz narkotik vasitəni qonşu regiona keçirmək istəyərkən yaxalanıb.
Buryatiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin məlumatına görə, saxlanılan şəxs kommersiya firmalarından birində işləyir və əvvəllər məhkum olunmayıb.
O, Buryatiyanın paytaxtı Ulan-Udedə 14 kibrit qutusunda 274 qram həşiş əldə edib və onları üst geyiminin qollarında gizlədib.
Azərbaycanlı dəmir yol vağzalında narkotiklərin dövriyyəsinə nəzarət polisi tərəfindən saxlanılıb. Soydaşımızın üzərinə baxış zamanı narkotik vasitələr aşkar edilərək götürülüb.
Həmyerlimizə qarşı cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri aparılır. Qanunsuz olaraq iri həcmdə narkotik maddələrin saxlanılmasına görə, 10 il müddətinədək həbs cəzası qismində cinayət məsuliyyəti nəzərdə tutulur.