Rəşad Dağlı məhkəmədə özünü təqsirli bilməyib

Rəşad Dağlı məhkəmədə özünü təqsirli bilməyib Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Hadisə
1 May , 2023 16:52
Rəşad Dağlı məhkəmədə özünü təqsirli bilməyib

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin meyxanaçı dostları iştirak edib.

İclasda prokuror Orxan Səmədov ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Rəşad Dağlı qəsdən adam öldürməkdə özünü təqsirli bilməyib. O, yalnız qanunsuz olaraq soyuq silah saxlamada özünü təqsirli bildiyini qeyd edib.

Daha sonra Rəşad Dağlı şahid dindirilməsindən sonra geniş ifadə verəcəyini deyib.

Zərərçəkmiş İsgəndər Mehdiyevin hüquqi varisi Etibar Mehdiyev isə Rəşad Dağlıdan şikayətçi olmadığını söyləyib.

Məhkəmənin növbəti iclası mayın 19-na təyin edilib.

Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi