Rejissor Arif Qazıyevin adının keçdiyi 325 min manatlıq dələduzluq işində şahid dindirilib

Rejissor Arif Qazıyevin adının keçdiyi 325 min manatlıq dələduzluq işində şahid dindirilib Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
4 Oktyabr , 2018 15:24
Rejissor Arif Qazıyevin adının keçdiyi 325 min manatlıq dələduzluq işində şahid dindirilib
0 : 00
0 : 00

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ona verilən sualları cavablandırıb.

O deyib ki, zərərçəkmiş İxtiyar Həsənov ona qarşı iftira atıb: "Mənim İxtiyarla telefon danışığım olmayıb. Ağasəfi isə tanımıram, yadımda deyil, bizim evə də gəlməyib".

Ə.Əbdüləziz bildirib ki, şahid qismində adı keçən Ağasəf Quliyevi ilk dəfə istintaq dövründə üzləşmə zamanı görüb.

Daha sonra şahid qismində Asif Cavadov dindirilib. O deyib ki, 2011-ci ildə Lerik rayonunda su kanallarının çəkilməsi ilə bağlı Türkiyədən gətirilən plastik borularla yüklü 40 ədəd TIR yük maşınları gömrükdən buraxılmayıb: "İxtiyar məni və türk şirkətinin rəhbərini Əziz müəllimin ofisinə apardı. O, bizim yanımızda 300 min pulu Əziz müəllimə verdi. Mən şəxsən bu söhbətin içində olmuşam. Əziz Əbdüləziz TIR-ların ölkəyə keçirilməsinə söz verdi. Həmin pul da türk şirkətinin rəhbərinin idi. Sonra Əziz müəllim işi həll edə bilmədi, İxtiyar da türk şirkətinin rəhbərinin pulunu geri qaytardı".

Ə.Əzizov isə şahid A.Cavadovu tanımadığını, ilk dəfə onu müstəntiqin yanında gördüyünü söyləyib.

İttiham aktına əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, ALFA LTD şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.

Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, Ə.Əziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd TIR-ı gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək zərərçəkmişi növbəti dəfə aldadıb.

Ə.Əbdüləziz elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevin də adı şahid qismində keçir.

Son xəbərlər

Orphus sistemi