Yuxarı

Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin işinə Ali Məhkəmədə baxılacaq

Vəkil ilkin qərardan kassasiya şikayəti verib

Bakı. 17 iyun. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barələrində birinci instansiya məhkəməsinin hökmündən verdikləri şikayət üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə Şəmsəddin Quliyevin keçən dəfə verdiyi vəsatət təmin edilməyib.

Vəkil Rəsul Yusibəyli ilkin qərardan kassasiya şikayəti verib. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, Bakı şəhər sakini, "Ann.tv"-nin əməkdaşı Rasim Məmmədəli oğlu Əliyev 2015-ci il avqustun 8-də Bakı şəhərinin Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.

O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ötən ilin dekabrın 22-də Bakı şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işinə Səbail rayon Məhkəməsində baxılır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsmayılov 13 il, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi